Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Cahangir
Novruzov
1954-cü il iyul ayının 31-də Bakı şəhərində doğulub.
Atası Novruzov Mütəllib Nəsrulla oğlu 1927-ci ildə
doğulmuş və uzun illər Asəf Zeynallı adına Bakı
musiqi məktəbində muğam üzrə dərs demişdir. Cahangir
Novruzov 1971-ci ildə orta məktəbi bitirib. Sonra
Mirzəağa Əliyev adına incəsənət institutunun
rejisorluq fakultəsinə daxil olub və SSRİ xalq
artisti Mehdi Məmmədovun rəhbərlik etdiyi sinifdə
təhsil alaraq 1976-cı ildə həmin institutu bitirib.
Diplom işini Musiqili Komediya teatrının səhnəsində
G.Xudayevin "Sevgilimin
Anası" operettasını
hazırlayaraq müdafiə edib. Eyni ildə təyinat alaraq
həmin teatrda çalışmağa başlayıb. 1976-1977-ci
illərdə əsgəri xidmətdə olub və xidməti bitirdikdən
sonra yenə də Musiqili Komediya teatrına dönüb.
1979-cu ildə Sabit Rəhman adına Şəki Dövlət Dram
Teatrına quruluşçu rejissor vəzifəsinə təyin edilib.
Bu teatrın səhnəsində həm də aktyor kimi bir çox
rollar oynamışdır. 1981-ci ildə isə SSRİ Mədəniyyət
Nazirliyinin Mədəniyyət adamlarını təkmilləşdirmə
İnstitutunun rəhbər işçilər fakultəsinə qəbul olunub
və eyni zamanda da Moskva Malaya Bronnaya teatrında
RSFSR-in xalq artisti professor A.Efrosun rəhbərliyi
altında staj keçməyə başlayıb. İki il ərzində bir
çox əsərlərin quruluşlarında A.Efrosa assistentlik
edib. 1983-cü ildə Moskvadakı təhsilini bitirərək
Şəki teatrına dönüb. 1984-cü ildə SSRİ xalq artisti
professor G.Tovstonoqovun yaradıcı laboratoriyasına
qəbul olunub və hər il iki dəfə olmaq üzrə
Sankt-Peterburqda 1988-ci ilə qədər çalışmalarda
iştirak edib. 1985-ci ildə Şəki teatrına baş
rejissor vəzifəsinə təyin olunub. Orada çalışdığı
illər ərzində teatrı Kazan, Daşkənd, Səmərqənd,
Moskva və Praqa şəhərlərinə qastrol səfərlərinə
götürüb. 1986-cı ildə Çexoslovakiyada keçirilən
"Çeşskaya Buduyovutsa"
gənc teatrlar festivalında jüri heyətinin üzvü kimi
iştirak edib. 1987-ci ildə Azərbaycan Mədəniyyət
Nazirliyinin təşkil etdiyi Mirzə Fətəli Axundovun
175 illik yubileyinə həsr olunmuş teatr festivalında
hazırladığı "Müsyö Jordan
və Dərviş Məstəli Şah"
əsəriylə birincilik mükafatını qazanıb. 1988-ci ildə
Parisdə keçirilən "Bovinyi"
teatr festivalında fəxri juri heyətinin üzvü kimi
iştirak edib. 1989-cu ildə Mədəniyyət nazirliyi
tərəfindən Musiqili Komediya teatrına baş rejissor
vəzifəsinə təyin olunub. 1990-cı ildə teatrın əsaslı
təmir və yeni inşaata başlaması səbəbiylə Gənc
Tamaşaçılar Teatrının rus bölməsinə baş rejissor
olaraq təyin olunub. 1991-ci ildə Azərbaycan Teatr
Xadimləri İttifaqının təşkil etdiyi I Mono tamaşalar
festivalında Şekspirin "Hamlet"
əsərinin motivləri əsasında hazırlanmış
"Olum ya Ölüm"
tamaşası ilə birincilik mükafatı qazanıb.
1995-ci ildə Türkiyə Cumhuriyyətinə
Universitetdə dərs demək üçün dəvət olunub.
Hal hazırda Türkiyənin Adana şəhərində
Çuxurova Universitetinin Dövlət Konservatoriyasının
teatr bölməsində çalışmaqdadır.