Şəkidə "hökmdarın taleyi" filminin premyerası oldu

Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında İlyas Əfəndiyevin “Hökmdar və qızı” faciəsinin motivləri əsasında xalq yazıçısı Elçinin ssenarisi ilə çəkilmiş “Hökmdarın taleyi” filminin premyerası olub. Filmin nümayişindən əvvəl yaradıcı heyətin üzvləri tamaşaçılar qarşısına çıxıblar. Filmin baş prodüseri Vaqif Əsədullayev Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında çəkilən bu əsərin ekranlaşdırılmasına dövlət tərəfindən böyük diqqət göstərildiyini xüsusi vurğulamışdır.

Baş rolun - Qarabağ xanı İbrahim xan rolunun ifaçısı xalq artisti Fəxrəddin Manafov belə bir tarixi obrazı yaratdığına görə özünü çox xoşbəxt hiss etdiyini bildirib. Filmin çəkiliş prosesi barədə məlumat verən F.Manafov bu ekran əsərinin əksər hissəsinin Şəki şəhərində çəkildiyini nəzərə çarpdırıb. Bildirib ki, məhz buna görə də yaradıcı heyət Bakı və Gəncədən sonra filmin növbəti təqdimatının Şəki şəhərində keçirilməsini məqsədəuyğun hesab edib.

Sonra filmin nümayişi olub. Çəkilişləri iki il davam edən bu film “A.S.V.A Profi Studia XXI” Prodüser Mərkəzində istehsal olunub. Filmdə Fəxrəddin Manafovla yanaşı Günəş Əliyeva, Vidadi Həsənov, Aysu Əfəndiyeva, Manaf Dadaşov, Aleksandr Şarovski, Rafiq Əliyev, habelə rusiyalı aktyorlar Daniil Spivakovski, Aleksandr Qalibin və başqaları çəkiliblər.

Filmin təqdimatı başa çatdıqdan sonra şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova filmlə bağlı təəssüratlarını tamaşaçılarla bölüşüb. O, bildirib ki, XIX əsrin əvvəllərində Azərbaycanda baş vermiş tarixi hadisələrə həsr olunmuş bu filmdə həmin dövrdə xalqımızın başına gələn müsibətlər çox əhatəli və canlı şəkildə öz əksini tapıb. Filmdə cərəyan edən hadisələr bir daha onu göstərdi ki, həmin dövrdə Azərbaycanda mərkəzləşmiş, vahid dövlətin olmamasından istifadə edən İran və Rusiya Azərbaycanı öz aralarında iki hissəyə böldülər. Faciələrimiz də elə həmin dövrdən başlandı. Z.Cavadova bildirmişdir ki, XX əsrin sonunda xalqımız yenidən belə bir təhlükə ilə üzləşmişdi. Həmin dövrdə ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bu faciənin qarşısı alınmış, Azərbaycan parçalanmaq təhlükəsindən xilas olmuş, dövlətimiz və dövlətçiliyimiz qorunub saxlanıb.

Vaqif Əsədullayev və Fəxrəddin Manafov çıxış edərək, filmin məhz çəkildiyi şəhərdə nümayiş etdirilməsindən məmnun qaldıqlarını bildirərək, çəkilişlərə göstərilən köməyə görə şəhər rəhbərliyinə təşəkkür ediblər.