Bakı Kamera Teatrı Şəki teatrsevərlərinin qonağı oldu

Bakı Kamera Teatrının kollektivi noyabrın 27-də Şəki şəhərində qastrol səfərində olmuşdur.
Teatrın yaradıcı kollektivi bu səfərdə Şəki tamaşaçılarına Mirzə Fətəli Axundovun “Hekayəti-xırs quldurbasan” komediyası əsasında hazırlanmış eyniadlı birpərdəli musiqili tamaşanı təqdim etmişdir. Şəki Dövlət Dram Teatrının səhnəsində oynanılan tamaşanın quruluşçu rejissoru və tərtibatçısı Cənnət Səlimova, bəstəkarı isə Firudin Allahverdidir. Tamaşada əsas rolları əməkdar artistlər Şövqi Hüseynov, Leyli Vəliyeva, Nofəl Vəliyev, Seyidşah Məmmədov, Gülər Nəbiyeva, artistlərdən Kərəm Hadızadə, Emin Sevdiməliyev və başqaları ifa etmişlər.

Uğurla başa çatan tamaşanın sonunda teatrın kollektivinə şəhər rəhbərliyi adından fəxri fərman və qiymətli hədiyyələr təqdim edilmişdir.
Teatrın bədii rəhbəri Cənnət Səlimova bildirmişdir ki, kollektiv Şəki tamaşaçıları qarşısında ilk dəfə çıxış edir. Hazırda teatrın repertuarında olan 30-a yaxın səhnə əsərinin beşi məhz M.F.Axundovun komediyaları əsasında hazırlanmışdır.
Şəkidən sonra yaradıcı kollektiv İsmayıllı teatrsevərlərinin qonağı olacaqdır.