Xalq artisti Canəli Əkbərovun 70 illik yubileyi Şəkidə qeyd edildi
Aprelin 28-də Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında xalq artisti, görkəmli muğam ustası, professor Canəli Əkbərovun anadan olmasının 70 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilmişdir. C.Əkbərov uzun illər Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuş, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində İbn Səlam, Məcnun, Şah İsmayıl, Aşıq Qərib kimi məhşur səhnə obrazları yaratmışdır. Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, professor Canəli Əkbərov milli muğam sənətimizin inkişafındakı xidmətlərinə görə 1992-ci ildə xalq artisti fəxri adına, 2000-ci ildə Şöhrət ordeninə, 2002-ci ildə Prezident təqaüdünə, 2005-ci ildə isə Heydər Əliyev Fondunun təqaüdünə layiq görülmüşdür.
Görkəmli muğam ustasının ömür yolundan, yaradıcılığından danışılmış, onun muğam sənətinin inkişafındakı xidmətlərindən bəhs edilmişdir. Qeyd olunmuşdur ki, Canəli Əkbərov xalqımızın muğam sənətində öz dəsti-xətti ilə seçilən, yüksək xanəndəlik məharəti və səhnə mədəniyyəti ilə dinləyicilərin hörmətini qazanan xanəndələrimizdəndir. Sonra yubilyarın ömür yolundan bəhs edən sənədli film nümayiş etdirilmişdir.
Yubiley tədbirində sənətkarın yetirmələri maraqlı
konsert proqramı ilə çıxış etmişlər.
Tədbirin sonunda Şəki Şəhər İcra Hakimiyyətinin
başçısı Nazim İbrahimov Azərbaycan muğam sənətinin
inkişafına böyük töhfələr vermiş görkəmli sənətkarı
70 illiyi münasibətilə təbrik edərək ona xatirə
hədiyyəsi təqdim etmişdir.
Böyük sənətkarımıza Tanrıdan uzun ömürlər diləyirik.