"Pəri cadu" əsəri əsasında tamaşanın məşqlərinə başlanıldı
Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında
Əbdürrəhim bəy Haqverdiyevin Pəri-cadu əsəri
əsasında tamaşanın məşqlərinə başlanılmışdır.
Tamaşanın quruluşçu rejissoru Mirbala Səlimli,
rəssamı Qüdrət Məmmədov, musiqi tərtibatçısı İlqar
Saatovdur. Əsas rolları Xanlar Həşimzadə, Akif
Yusifov, Əbülfət Salahov, Sima Şabanova və başqaları
ifa edirlər. Teatrda rumın dramaturqu Ejen
İoneskonun Kral ölür əsəri üzərində də məşqlər
gedir.
Teatrın direktoru Hikmət Nəbiyev bildirmişdir ki, yaradıcı kollektiv Pəri-cadu, habelə fransız dramaturqu Jan Batist Molyerin Xəsis tamaşaları ilə mayın əvvəlində paytaxt tamaşaçıları qarşısında çıxış edəcəkdir. Bundan əlavə, Şəki teatrının mayın axırlarında Türkiyənin Ankara, İstanbul, İzmir, Amasiya və digər şəhərlərinə, oktyabrda isə Rusiya paytaxtına qastrol səfərləri də planlaşdırılır. Yaradıcı kollektiv Moskva səhnəsində Səməd Vurğunun Vaqif dramını göstərəcəkdir.