Yaxından, Uzaqdan...
(İki teatr hadisəsini müqayisəli resenziya cəhdi)
Resenziyamı uzaqdan başlayacağam... Bu "müqayisə" məsələsi ki var, dünya düşüncəsində ona fərqli, hətta bir-birinə zidd olan münasibət mövcuddur. Belə ki, hələ bizdən çox-çox uzaq çağlarda qədim Yunanıstanda dərketmə problemi üzərində düşünən alimlər belə bir postulat icad etmişdilər: "hər şey müqayisədə dərk olunur". Minilliklər, qərinələr, əsrlər bu postulatın həqiqətə uyğun olmasını təsdiqləyərək onun müxtəlif dərketmə sahələrində işləkliliyini sübuta yetirmişlər. Doğrudan da "müqayisə" bir üsul kimi görünməyən mətləbləri görmək, sezilməyən çalarları sezmək, gizli qalan məsələləri aşkarlamaq işində əvəzolunmazdır - bunu hər kəs öz təcrübəsində dəfələrlə sınayıb. Hallandırdığım "müqayisə" fenomeni öz itiliyi və müəyyən "şıltaqlığı" ilə fərqlənən fransız düşüncəsində bambaşqa cür dəyərləndirilir. Sözoynatmada mahir olan fransızlar bu məsələ ilə bağlı belə bir aforizmi atıblar ortaya: "hər bir müqayisə axsayır". Yəni ki, "müqayisə dərketmədən ötrü o qədər də tutarlı və elmi baxımdan korrekt olmayan üsuldur. Necə ki, dünyada müqayisəyə gələ bilməyən mətləblər mövcuddur. Və bu "müqayisəyə gəlməyən mətləblər" müqayisə əməliyyatına cəlb edilsə, təbii ki, qənaətlər dolğun olmayacaq. (Yadınızdadırsa, uşaqlıqda filin və ya balinanın - hansının daha çox güclü olmasından mübahisələr edərdik. İndi anlayırıq ki, hər ikisindən də güclü bambalaca qarışqadır. Hansı ki, öz çəkisindən yüz dəfə ağır yükü qaldıra bilir. Məncə, məsələ aydın oldu...). Ortaya çıxan həqiqət isə sərt addımlarla yeriyə bilməyəcək, axsayacaq. Fransızların aforizmi də dəfələrlə sınaqdan keçirilib və onun da işlək olması sübut edilib. Yunanlarla fransızların "müqayisə"yə olan münasibətlərini müqayisə etsək, görərik ki, vahid, universal və mütləq həqiqət sayılan qanun yoxdur. Belə çıxır ki, nəyi isə dərk etməyə qalxanda biz hər iki yanaşmadan faydalana bilərik. Bircə şərtlə: məqsədimiz həqiqəti sırımaq deyil, onu axtarmaqdırsa! Mətləbə yaxınlaşıram. Heç kimdən sirr deyil ki, Azərbaycan milli teatr prosesi bəlli obyektiv və subyektiv səbəblərdən öz hərəkət dinamikasını itirməklə bütövlükdə teatr sənətini (təcrübəsini və nəzəriyyəsini...) sistemli böhran halına gətirdi. Hal-hazırki vəziyyətin mövcud olan bütün səciyyələrini açmaqdan vaz keçərək bu yaxınlarda Bakı teatr məkanında baş vermiş iki teatr hadisəsinin müqayisəli araşdırmasını cürət edib "525-ci qəzet"in hörmətli oxucularına təqdim etmək istəyirəm. Bilavasitə araşdırmaya başlamazdan öncə vurğulamaq istəyirəm: hər şey müqayisədə dərk olunduğu halda, müqayisənin nəticəsində ortaya çıxan qənaətlər mütləq həqiqət deyil. Odur ki, bu resenziyamı məsələyə mövcud olan baxışlardan yalnız biri kimi qəbul etmək səmərəlidir. Birinci teatr hadisəsi Noyabr ayının altısı və yeddisində Musiqili Komediya Teatrının binasında özünün 30-cu yubiley mövsümünün çərçivəsində S.Rəhman adına Şəki Dövlət Dram Teatrı Slavomir Mrocekin "Xoşbəxt hadisə" iki hissəli tragifars canrında hazırlanmış tamaşasını sərgilədi. Xoşbəxtlikdən mən bu qastrol tamaşasını nəzərdən qaçırtmadım, izləyə bildim, qeydlərimi apardım ki, gördüklərimi ayrıca bir resenziyada əks etdirim. İş elə gətirdi ki, yubanmalı oldum. Amma ingilislər demişkən "hər şey yaxşılığa doğru gedir", bu ayın 15-i, 16-ı və 17-də Qaliasqar Kamal adına Tatarıstan Dövlət Akademik Dram teatrının Bakıda - Azərbaycanda Rusiya ili çərçivəsində keçirilən qastrol səfərində göstərdiyi Z.Hakimin "Lal ququ", T.Minnulinin "Gözümün işığı" və "Əldermeştli Əlməndər" tamaşaları mənə uzaq və yaxın teatrların tamaşaçılara təqdim etdiyi səhnə əsərlərini müqayisə etmək imkanını yaratdı. Bir şeyi də əlavə etməliyəm ki, peşə əqidəmcə teatrşünas-resenzent aşiq kimidir - yalnız gördüyünü çağırar... Beləliklə, Şəki teatrının tamaşasından başlayım. Quruluşçu recissor Mirbala Səlimlinin rəhbərlik etdiyi yaradıcı heyət (quruluşçu rəssam Söhrab Ərəbov, geyim üzrə rəssam Elman Rəşidov, musiqi tərtibatçısı İlqar Saatov, rəqslərin quruluşu Çingiz Novruzəliyev) çağdaş qərb dramaturgiyasının bəlkə də ən mürəkkəb əsərini səhnələməkdən ötrü istedadlarını əsirgəməyiblər. Mən bu məqamı ona görə vurğulayıram ki, bir rayon ("əyalət" yazmağa dilim gəlmir...) teatrı kimi Şəki teatrının vəziyyəti yumşaq desək, ürəkaçan deyil. Bu haqda "525-ci qəzet"in noyabr sayında yazdığım üçün təkrarlamayacağam, amma bir daha vurğulamalıyam ki, yaşayıb-yaratmaqdan ötrü yenə də yumşaq desək, o qədər də münasib olmayan şəraitdə bu cür mürəkkəb əsərə müraciət eləməyi əsl fədakarlıq adlandırmaq olar. Quruluşçu recissor Mirbala Səlimlinin pyesi tam dərinliklərinə qədər anlayaraq, ona uyğun səhnə yozumu verməsi təqdirəlayiqdir. Xəsisliklə nizamlanan həssaslıq, sərtliklə çərçivələnən təmkinlilik, intellektlə cilovlanan şıltaqlıq bu recissorun yaradıcı dəst-xəttinin çağdaş dünya teatrında mövcud olan tələblərə cavab verməsindən xəbər verir. Quruluşçu rəssam Söhrab Ərəbovun səhnəqrafiya düşüncəsi recissorun niyyətləriylə üst-üstə düşür: rəssamın təqdim etdiyi bədii məkan tamaşanın ali məqsədinin səlis və dinamik tərzdə səslənməsinə geniş imkanlar verir. Özəlliklə rəssamın işıqla necə işləməsi təqdirəlayiqdir. Şəki teatrının səhnəsinin maddi-texniki imkanlarını nəzərə alanda isə söylədiyim təqdirin dərəcəsi xeyli artırılmalıdır (amma bu haqda sonra...). Mirbala Səlimlinin recissorluq məharəti həm də istənilən tamaşanın peşəkar səviyyəsini müəyyənləşdirən mükəmməl aktyor ansamblını yaratmasında da özünü göstərdi. Xanlar Həşimzadənin (Gəlmə adam), Əbülfət Salahovun (Ər), Sima Şabanovanın (Arvad), Akif Yusifovun (Qoca) səhnə varolmaları öz dəqiqliyi ilə növbəti dəfə təməli V.Abbasov və H.Atakişiyev tərəfindən qoyulan "Şəki teatrı aktyor məktəbi"nin tükənməyən imkanlarını təsdiqlədi. Körpə rolunu ifa edən balaca Xəyal Abbaszadə aparıcı "kvartet"ə heyrətamiz dərəcədə peşəkarlıqla üzvi şəkildə qovuşaraq tamaşanın faciəvi səslənməsini gücləndirdi. Aktyorların zövqlə seçilmiş geyimləri, ölçülüb-biçilmiş musiqi tərtibatı, ifadəli və səliqəli (!) rəqsləri tamaşanı Avropa standartlarına yaxınlaşdıran amillərdəndir. Dekorasiyaların kasıblığı gözümə girməsəydi... (amma yox, bu haqda bir az sonra...) Bir qayda olaraq qavrayış mədəniyyətindən gileyləndiyimiz "tamaşaçı auditoriyası"nın kifayət qədər mürəkkəb, bir sıra məqamlarda absurd (saçma) düşüncədə təqdim olunan mətləbləri rahatca qəbul etməsi və "xoşbəxt hadisə"yə canlı və səmimi reaksiya verməsi məni sevindirdi. İnandım ki, istedadlı adamların təqdimatında ən müəmmalı ("əllamə"li demək istəmirəm...) əsər fərqli tamaşaçı təbəqələrinə təqdim edilməyə və anlaşılmağa qadirdir. Eyni zamanda məndən ötrü anlaşılmaz bir mətləb qaldı: bilmədim (indi də bilmirəm) nədən Şəki teatrının gətirdiyi "Xoşbəxt hadisə" tamaşası paytaxtın teatr həyatında sözün əsl mənasında bayram hadisəsinə çevrilmədi?! Axı, sözügedən tamaşa adi sıravi tamaşalardan deyil?! Axı yuxarıda göstərdiyim kimi bu tamaşa teatrın 30 illik fəaliyyətinin, nailiyyətlərinin, ən azından yaradıcılıqda bulunması, yəni canlı hərəkətdə, prosesdə olması haqqında bir "mesacdır". Kimə ünvanlanıb bu "mesac"?! Kimin qəbuledici cihazı "ya söndürülüb, ya əhatə dairəsinin xaricindədir"?! Məgər Xanlar Həşimzadə, Əbülfət Salahov, Akif Yusifov kimi "Qızıl Dərviş" mükafatı laureatı oan bu istedadlı aktyorlar özlərinə qarşı daha diqqətli münasibəti qazanmayıblarmı?!
İkinci teatr hadisəsi Uzaqdan gələn Qaliasqar Kamal adına Tatarıstan Dövlət Akademik Dram Teatrı öz soydaşlarına, yəni tatar kökənli Azərbaycan vətəndaşlarına və ümumiyyətlə, yerli teatrsevərlərə öz bədii-yaradıcı, texniki-texnoloci imkan və səviyyəsini dolğun və hərtərəfli nümayiş etdirmək məqsədi ilə Bakıya üç tamaşa gətirdi. Elə bu andaca vurğulayıram ki, öz sənətlərini layiqincə təmsil etməkdən ötrü tatar həmkarlarımız tamaşaların dekorasiyalarını bütövlükdə, ixtisara salmadan, maliyyə qənaəti məsələsindən vaz keçərək S.Vurğun adına Rus Dram Teatrının və Opera və Balet Teatrının səhnəsində bizə təqdim etdilər. Bunu ən azı üç baxımdan təqdir etmək olar: birincisi - bu hal Bakı tamaşaçılarına olan hörmət əlaməti kimi dəyərləndirilməlidir; ikincisi - tərtibatın tamlığı səhnə əsərini tam dolğunluğu ilə qavramağa şərait yaradır; üçüncüsü - tamaşalarda istifadə olunan texnika və texnologiyanı Bakı teatr məkanında nümayiş etdirən tatar teatr xadimləri həm də bizə öz təcrübələrindən faydalanmaq imkanını yaratmış oldular. Tatarıstan teatrının gətirdiyi üç tamaşa janr təyininə görə də mənalı, düşünüşlü seçilmişdi. Belə ki, S.Vurğun adına Rus Dram Teatrında göstərilən Z.Hakimin "Lal ququ" ("Telsez küke") pyesi əsasında hazırlanmış tamaşa teatr romanı (publisistik-psixoloji dram), Opera və Balet Teatrında sərgilənən T.Minnulinin "Gözümün işığı" ("Cankisəkkəyem") pyesi əsasında hazırlanmış tamaşa musiqili komediya, yenə də T.Minnulinin "Əldermeştli Əlməndər" ("Əldermeştdən Əlməndər") pyesi əsasında hazırlanan tamaşa qəmli komediya canrlarında səhnə həllini tapmışdı. Bu üç janrda yaradıcı imkanlarını məharətlə təsdiqləyən teatrın truppası bir çox teatrlarımıza, başlıcası isə bizim Milli Akademik Dram Teatrına örnək ola bilər... Sözügedən üç tamaşanın Bakı qastrolları seçimində incə, hər cür təqdirəlayiq bir məqam da açıqca sezilirdi. Məsələ ondadır ki, birinci və ikinci tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru Fərit Bikçəntəevdir. Üçüncü tamaşa isə 1976-cı ildə mərhum baş rejissor Marsel Səlimcanovun quruluşunda hazırlanmışdır. Gənc baş rejissorun sələfinə göstərdiyi hörmət, 30 il repertuardan düşməyən tamaşanın nəinki yaşadılması, hətta teatrın "vizit kartı" kimi başqa məmləkətə gətirilməsi yalnız və yalnız alqışlana bilər. Bu faktı dəyərləndirərkən eyni zamanda bizim teatr icmasında belə bir ənənənin mövcud olmamasını böyük təəssüf hissi ilə qeyd etmək məcburiyyətindəyik. Bildiyimizə görə Q.Kamal adına Tatarıstan Akademik Dram Teatrının repertuarında hər mənada daha mürəkkəb tamaşalar var. Amma məhz sözügedən tamaşaların qastrol üçün seçilməsi teatrın rəhbərliyinin teatrın bugünkü yaradıcı heyətini təşkil edən bütün yaş nəsillərini Bakı teatrsevərlərinə təqdim etmək məqsədi ilə izah olunur. Bakıya gətirilən üç tamaşanın hərəsini ayrılıqda, qısaca da olsa, təhlil etmək niyyətində olduğumdan bu tamaşaların yalnız başlıca səciyyələrinə toxunacağam. Birinci tamaşa janr təyininə görə aktyorlardan üç fərqli başlanğıcın - teatr romanının şərtiliyinin, publisistik kəskinliyin və personajların psixoloji səhnə varolmalarının sintez halına gətirilməsini tələb edirdi. Bütün məsuliyyətlə qeyd etməliyəm ki, sözügedən sintez əməliyyatı rejissor və aktyor ansamblı tərəfindən mükəmməl gerçəkləşdirilmişdi (bir məqamı da qeyd etməsəm, səmimi olmaram: bu tamaşada dekorların hansı materialdan və birinci hissədə göydən qəfil qopan qar uçqununun nədən yapılması şəxsən məndən ötrü və əminəm ki, digər teatr mütəxəssisləri üçün sirr olaraq qaldı. Evdə bişməyib, qonşudan gələndə belə olar. Bu hal təəccüblü deyil - teatrlarımızda texnika və texnologiya təəssüflər olsun ki, Nuh əyyamından qalıb!) Opera və Balet Teatrında birinci gün göstərilən "Gözümün işığı" tamaşasının ədəbi əsası (pyes) ilə tanış olmadığıma görə deyə bilmərəm: təqdim olunmuş janr rejissor yozumuna bağlıdır, yoxsa əsər elə bildiyimiz musiqili komediya janrında yazılıb. İstənilən halda milli folklordan və tatar ədəbiyyatının klassiki Qabdulla Tukayın tatar türklərinin dilində əzbər olan "Şurale" poemasından qaynaqlanan səhnə əsərinin təqdim olunan yozumu zövqlü, maraqlı və ibrətamizdir. Məsələ ondadır ki, milli mövzunun Brodvey tamaşalarının üslubunda təqdim edilməsi recissor və aktyorlardan yüksək zövq və zəngin ifaçılıq texnikası tələb edirdi. O gün tamaşa zalına toplaşan seyrçilər aktyorların vokal, xoreoqrafiya, akrobatika, komizm məharətlərinin şahidi oldular (yadıma düşür ki, bizim mərhum rejissorumuz, böyük sənətkar Hüseynağa Atakişiyev "Məlik Məmməd" nağılını təxminən bu üslubda bizim Azdramada hazırlayanda yazığın başına nələr gəlmədi?!.) Üçüncü tamaşa öz poetikasına görə milli sənət düşüncəmizə və təcrübəmizə çox yaxın oldu. Əzrayılı və Ölümü "barmağına dolayan" 91 yaşlı Əldermeş kəndinin uzunömürlü sakini Əlməndərin sərgüzəştləri "gülüş arxasında göz yaşları" tərzində təqdim olunmuşdu. Azərbaycan teatrında mövcud olan səhnə təcrübəsindən fərq isə aktyor ansamblının həssaslığı, "şitliyə" varmaması, komik aktyorların səhnədə bir-biri ilə gülüş uğrunda mübarizə aparmaması və hamılıqla bu ilk baxışdan sadə komediyanın ali mənalarını açmağa yönəlmələri bu teatra olan hörmətimi birə on artırdı... Yaşlı aktyorların canlı və mənalı ifasından zövq ala-ala hey düşünürdüm: niyə, nədən, hansı səbəbdən bizim teatrlarda yaşlı aktyor nəsli aparıcı qüvvə deyil? Nə üçün bizim aktyorlar 50 yaşlarını adlayandan sonra elə bil ki, sınıxırlar, sozalırlar, sönürlər və işə məcburən gələn təqaüdçü təəssüratı bağışlayırlar (inanın ki, bu sözəri ürək ağrısı ilə yazıram və deyirəm ki, kaş ki, tatar türklərinin "Əldermeştli Əlməndər"-ni görməyəydim...). İndi isə yazımın əvvəlində vəd etdiyim yaxın Şəki və uzaq Kazan teatrlarını yan-yana qoyub müqayisə edək. Amma öncə bu müqayisə əməliyyatının nəticəsində nəyi dərk etmək istəyirik məsələsini də aydınlaşdıraq. Burada mənə irad tutub deyə bilərlər ki, Tatarıstan Respublikasının paytaxt teatrı ilə bölgə teatrını müqayisə etmək korrekt deyil, yəni ki, yuxarıda dediyim kimi "müqayisəyə gəlməz mətləblər"dir. Bir də deyə bilərlər ki, axı sözügedən teatrlardan biri Azərbaycan teatr ənənəsinin, digəri isə Rusiya teatr ənənəsinin məktəbinin təmsilçisidir. Bu iki sənət məktəbləri bir çox mənada kəskin fərqlidir. Bu suallara cavab çox sadədir: hər iki teatr bildiyimiz kimi Aristotel poetikasına söykənən realist-psixoloji teatr sənətinin nümayəndəsidir. Və hər ikisinə eyni universal tələblərlə yanaşmaq olar. Teatr Afrikada da teatrdır... Müqayisəmizin birinci qənaəti hər iki teatrın maddi-texniki bazası ilə bağlıdır. Ən kəskin fərq müqayisə edilən teatrdan birinin zəngin, o birinin isə nə yazıq ki, kasıb olmasındadır. Teatr sənətinin başqa bir mühüm göstəricisi yeni texnologiyalardan istifadə etmək imkanında bulunan kadrların mövcudluğudur. Ürək ağrısı ilə deməliyəm ki, bu məsələ yalnız Şəki teatrı üçün deyil, bütövlükdə Azərbaycan teatrı üçün də bu gün həlli müşkülə çevrilən problemdir. Azərbaycan teatrı üçün yeni texnika və texnologiyalar hələ ki, əlçatmaz sərvətə dönüb. Ustalar isə... Dünyadan gedənlərin yerini tutmağa tələsən yeni ustalar gözə dəymir. Kazan teatrının tamaşalarını izləyənlər səhnə əsərinin mühüm komponenti olan işıq həllinin zəif olmasının şahidi olublar. Amma gəlin, bu teatrın işıq ustalarını tənqid etməyə tələsməyək. Məsələ ondadır ki, Rusiyanın əksər teatrları işıq, səs və digər mühüm texnoloci qurğuların idarə edilməsini nə zamandır ki, kompüterləşdiriblər. Bizdə isə deyilənə görə bu məsələ təmirə dayandırılmış teatrların açılışından sonra həll olunacaq, inşaallah! Odur ki, işığı əl ilə idarə etməyə vərdiş edən Şəki teatrı üçün Musiqili Komediya Teatrının binasında problem çıxmadı, Kazan teatrının işıq ustaları isə özləri ilə gətirdikləri kompüter disketini yuxarıda göstərilən səbəbə görə işlədə bilmədilər və vəziyyətdən bacardıqları qədər üzüağ çıxmağa məcbur oldular. Bu mətləbi yekunlaşdıraraq qənaətimi söyləyim: istənilən teatr tamaşasının ifadəli, təsirli və tamaşaçıları özünə cəlb etmək gücünə malik olması teatrın maddi-texniki bazasından çox asılıdır. Deyəcəksiniz ki, bu, aksiomadır, amma nə etməli? İllərdir ki, bu aksiomanı sübuta yetirməyə çalışırıq... ...Şəxsən mənim bir teatrşünas kimi rəqəmlərlə aram yoxdur. Amma növbəti mətləbi açıqlamaq üçün mütləq rəqəmlərə müraciət etməliyəm. Diqqət yetirək: yaxından gələn Şəki teatrı 2 gün 1 tamaşanı sərgilədi, uzaq Kazandan gələn qonaqlarımız isə 3 gün 3 ayrı-ayrı tamaşa göstərdilər. Bu rəqəmlərin arxasında nələr gizlənir? Nə kimi qənaətlərə gəlib hansı mətləbləri dərk etməliyik? Bu məsələnin həllini oxucuların ixtiyarına buraxıram. Başqa rəqəmlər: yaxın Şəkidən yubileylə ilgili qastrola gəlmiş dəstənin sayı 25 nəfər, uzaq Kazandan Azərbaycana Rusiya ili çərçivəsində qastrol səfərinə gələn heyətin sayı təxminən 80 nəfərdir. Hörmətli oxucu, Sizcə bəs bu rəqəmlərin müqayisəsinin nəticəsində hansı qənaətə gəlib, nə kimi mətləbləri dərk eməliyik? Müqayisəni davam etdirsək, tam məsuliyyətlə deməliyəm ki, yuxarıda göstərdiyim maddi-texniki səciyyələrdən başqa bizim "əyalət teatrı" qonaq gələn "paytaxt teatrı"ndan geri qalmırdı. Mən hər iki teatrın rejissor, aktyor və rəssam heyətlərini eyni səviyyədə, eyni gücə malik olan canlı yaradıcı kollektiv kimi dəyərləndirirəm. Əks fikirdə olan opponentlərimlə istənilən səviyyədə mübahisə aparmağa hazıram! İki teatr arasında oxşarlıq bununla bitmir. Oxşar cəhət ondan ibarətdir ki, hər iki teatrın tamaşalarının nümayişi zamanı milli teatr icmamızın nümayəndələri seyrəkliklə gözə dəyirdi. Belə çıxır ki, hər iki teatr hadisəsi rejissor, aktyor, rəssam, dramaturqlar üçün bir o qədər də önəm kəsb etmədi. Halbuki bunu da tam məsuliyyətlə deyirəm! sözügedən hər iki teatr hadisəsindən yalnız tamaşaçılar deyil, teatr xadimləri də əminəm ki, yetərincə faydalana bilərdilər. Nə yaxşı ki, Bakıda geniş saylı tatar icması və şəkililər var: onlar olmasaydı, ehtimal ki, hər iki halda tamaşa salonu boş qalardı. Əvvəl-axır biz dərk etməliyik ki, gileyləndiyimiz "tamaşaçı problemi" yalnız teatrın deyil, bu problem bütövlükdə p a y t a x t ı m ı z ı n s o s i a l - m ə d ə n i problemlərindən bəlkə də ən ümdəsidir. Çünki onun arxasında (altında, üstündə, yanında) daha mühüm məsələlər dolaşmaqdadır. Burada bir məqam da mənə maraqlı görünür, amma onu inşaallah, başqa yazımda işıqlandırmaq niyyətindəyəm. Məsələ ondadır ki, yaxından gələn Şəki teatrı 2 gün anşlaqla keçən tamaşalara biletlərini satmışdı, uzaqdan gələn Kazan teatrına isə tamaşaçılar dəvətnamə ilə daxil olurdular. Hörmətli oxucu! Yazımın əvvəlində müqayisə ilə bağlı mülahizələrimi əsas götürsək, apardığım müqayisənin qənaətlərini ikili şəkildə dəyərləndirmək olar. Yəni ki, mən apardığım müqayisənin qənaətlərini "son instansiyanın həqiqətləri" kimi sizə təqdim etmək istəmirdim. Sözsüz ki, bu iki hadisənin şahidi olanların arasında tam əks, mənimkindən fərqli və hətta ziddiyyətli münasibətdə olanlar var. Bu təbiidir, belə də olmalıdır. Çünki yalnız rəylərin müxtəlifliyində istənilən həqiqət daha dolğun, daha obyektiv tərzdə dərk oluna bilir. Əgər mən bu yazıma milli mədəniyyət və incəsənətimizin ən fəal və təsirli qolu olan teatr sahəsində baş verən proseslərin dərk edilməsinə azacıq da olsa təkan vermişəmsə, özümü məqsədimə çatmış hesab edərəm.
Məryəm Əlizadə, sənətşünaslıq doktoru, professor
525-ci qəzet, 29 noyabr 2006-cı i1, () saylı