"Milçək hörümçəyi yedi..."

Şəki Dövlət Dram teatrının tamaşalarına bir rakursdan, istər mütəxəssis - teatrşünas, istərsə də adi tamaşaçı gözü ilə baxa bilmirəm. Bu haqda düşünəndə aşkarlayıram ki, ikili-üçlü baxış bucağı məndə lap çoxdan - Vaqif Abbasovun Şəkidəki ilk tamaşalarından yaranıb, Hüseynağa Atakişiyevin tamaşalarını izləyərkən dərinləşib və indi Mirbala Səlimlinin səhnə əsərləri ilə təmasda özünü tam biruzə verir. Bu halımın səbəbini axtaranda ən azı üçünü dilə gətirə bilirəm. Birincisi, Şəki şəhərinin özəl ovsunu, ikincisi, yuxarıda adları çəkilən bənzərsiz sənətkarların mürəkkəb, çoxqatlı, birmənalı olmayan sənət düşüncəsi və üçüncüsü, Şəki teatrında çalışan aktyorların hər dəfə yeni, amma həmişə səviyyəli işləri. Buraya Şəkiyə səyahətlərimin təəssüratlarını, baxdığım tamaşaların ədəbi əsaslarının (pyeslərin) yüksək bədii keyfiyyətini və orijinallığını, Şəki halvasının dadını, şəkililərin şirin-duzlu ləhcələrini və hələ nələri... nələri... nələri əlavə etmək olardı. Amma təfsilatlar, detallar o üç əsas səbəbi yalnız rövnəqləndirə bilər, məğzinə yenilik gətirməz.

Bəzən öz ünvanıma "ittihamlar" eşidirəm: guya ki, bir teatrşünas kimi mən teatr sahəsində baş verən hadisələrə seçib reaksiya verirəm. Və seçim prinsipim də guya ki, mənim subyektiv münasibətimlə müəyyənləşdirilir. Buna nə deyəsən?! Durub deyəsən ki, bəli, bu belə də olmalıdır, çünki istənilən teatr tamaşasına reaksiyam ilk öncə duyğularımdan qaynaqlanır. Belə ki, tamaşa var ki, ona axıracan baxmaq məndən ötrü əsl işgəncəyə dönür. Və təbii ki, yaşadığım bu "zülm" bitən kimi az qala qaçaraq salonu tərk edirəm. Düzdür, teatrşünas kimi bu halın səbəblərini obyektiv araşdırma süzgəcindən keçirərək onu tənqidi yazıda hamıya bildirmək mənim "peşə borcum"dur. Amma etiraf eləyim ki, bu haqda nəinki yazmaq, düşünmək belə məni haldan salır...

Şəki teatrının tamaşalarından isə illər boyu aldığım enerji adlarını çəkmək istəmədiyim tamaşalara baxmaq və "işgəncə"yə dözməkdən ötrü bir növ akkumulyator funksiyasını yerinə yetirməkdədir. Bu mövzunu qapatmaq məqsədilə böyük rus aktrisası, bənzərsiz Faina Ranevskayanın bir deyimini oxuculara çatdırım. ...

Əhvalat məşhur Mona Lizanın portretinin Moskvada sərgiləndiyi vaxtlarda baş verib. Deyirlər ki, F.Ranevskayanın ədabaz "padruqa"larından biri sərgidən qayıdıb təəssüratı ilə bölüşərək:

- Mən Cakondanın üzündə təbəssüm-zad görmədim! - deyir.

F.Ranevskaya özünəməxsus iti düşüncəsi ilə:

- Canım! Mona Liza o qədər yaşlıdır ki, kimin üzünə gülməyi artıq özü seçir - deyə cavab verir.

Düşünürəm ki, şərhə ehtiyac yoxdur...

Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı son illərin yaradıcı strategiyasını gerçəkləşdirərək növbəti tamaşasını da dərin, mürəkkəb, aktual, düşündürən və eyni zamanda, əyləndirən mövzuda hazırlayıb. Bu, Əbdürrəhim Bəy Haqverdiyevin klassik dramaturji irsimizi bəzəyən "PƏRİ CADU" pyesi əsasında hazırlanan eyni adlı iki hissəli mistik komediyadır. Proqramda göstərilən tamaşanın xronometrajına fikir versək, şəkili yumorunun incə tərzdə burada da özünü göstərdiyini sezə bilərik: "I hissə - 1 saat 05 dəqiqə, II hissə 55 dəqiqə". Tamaşaya baxarkən eləmədim tənbəllik və vaxtı ölçdüm - I hissə düz 1 saat 05 dəqiqə, II hissə isə 56 dəqiqə getdi. Zarafatı kənara qoyub bu dəqiqliyi rejissor işinin və aktyor ansamblının son dərəcə nizamlı olmasının göstəricisi kimi qəbul etməliyik (Yeri gəlmişkən, Şəkiyə bu səfər gecə yetişmişdik və bizi qarşılayan teatr direktoru Hikmət Nəbiyev üzrxahlıqla xəbər verdi ki, "Pəri Cadu"nun, teatr dili ilə desək, "proqon məşqləri" getdiyinə görə rejissor və aktyorlar qabağımıza çıxa bilmədilər. Teatrın önündəki çayxanada bir saatdan artıq oturub gözlədikdən sonra məşq qurtardı. Amma gecə saat 12-dən keçdiyindən sənətçilərlə doyunca söhbət eləyə bilmədik. Çox sevdiyim gözəl aktyor Xanlar Həşimzadə isə iki daşın arasında qulağıma pıçıldadı ki, bu zalım oğlu zalım rejissor Mirbala Səlimli hələ səhərə də "proqon məşqləri" salıb)....

Sabahısı gün baş verən premyerada aktyor ansamblının - baş rolları ifa edən təcrübəli aktyorlardan tutmuş kiçik rolları ifa edən Şəki teatr studiyasının yetirmələrinə qədər hamının saat dəqiqliyi ilə işləməsini görəndə göstərilən xronometrajın mənasını anladım.

Tamaşadan həmən sonra "zalım rejissor", "teatrın baş rejissor əvəzi", Qızıl Dərviş mükafatçısı Mirbala Səlimlinin rejissor konsepsiyasını "isti-isti" araşdırmağa cəhd etdim. Bunlar alındı:

- Tamaşanın ideya qurğusunun təməlində İNAM və İMANın zəifliyi problemi qoyulub. Bu problem tamaşanın ali məqsədini müəyyənləşdirir: inamın və imanın zəifliyi mənəvi uçuruma aparır;

- İblis (Xanlar Həşimzadə - Qızıl Dərviş mükafatçısı) adlandırılan şər qüvvə bu zəifləmə məqamlarını səbrlə izləyir, pusquda durur və mənəvi zəifliyi duyan kimi inamla imanın arasında yaranmış "çat"a hücum edir. İblisin bu həmləsi tamaşanın hadisə xəttini təşkil edir;

- XXI əsrin birinci onilliyində bu məsələni ortaya qoymaq, əslində, gülməlidir, amma bu gülüş acı gülüşdür. Müqəddəs kitabı olan insanın "daşlanan şeytan"dan qorunmaq zəifliyi, caduya, fala, şarlatanların məkrinə uyması gülməli olsa da aktual dərdlərimizin siyahısında bu günə qədər qalmaqdadır. Bu ideyalardan tamaşanın janrı (mistik komediya) və Dərviş (Aydın Əlibalayev - Qızıl Dərviş mükafatçısı) personajı ilə bağlı kontr əməl-fəaliyyət (məna-məzmun) xətti təşkil olunur;

- "Cadu"nu qəbul edib imanı kamil, bütöv qalmaq mümkün deyil: bu halda insanlıq da, sevgi də özünün mənfur əksinə çevrilir və dağıdıcı, öldürücü xassə qazanır; bu ideya Hafizə xanım (Sima Şabanova) - Pəri Cadu (Yasəmən Malik) - Qurban (Rəhim Qocayev) münasibətlərində parlaq və emosional təzahürünü tapır;

- İblisin özü zəifdir. Onun öz yaşam qüvvəsi yoxdur, əslində, o, "nökər"dir (Əmrah - Xanlar Həşimzadənin tamaşadakı ikinci rolu). İblisləri yaşadan, onları gücləndirən insanların xislətidir: hərislik, naşükürlük, təkəbbür, xəyanət, mövhumat iblislərin qidasıdır. Rejissor konsepsiyanın bu postulatı Hafizə xanım - Qurban xəttində öz səhnə realizəsini tapır;

- "Milçək hörümçəyi yedi"; tamaşada əcinnələrin (Rəşad Rüstəmov, Laçın Abbasov, Çingiz Novruzəliyev) dilə gətirdikləri paradoksal pritçada ("... Biri vardı, biri yoxdu, bir hörümçək vardı. O, gündə çoxlu milçək yeyərdi. Bir gün bu hörümçək bir milçəyə düçar oldu və milçək hörümçəyi yedi...") problemin başqa mühüm bir tərəfini açıqlayan fikir səslənir: milçək yalnız pisliyə qonur, çirkabda yaşaya bilir və öldürücü mikrobları yayır. Cadugarlar da milçək kimidir - insanların mənəvi çirkinliklərinin üstünə qonur, onların arasında dolaşaraq həm könlü bulandırır, həm İblisi yaşadır, həm də ki, ona düçar olanları nəticə etibarilə mənən yox edir, "yeyir". Bu mənada, milçək yırtıcı hörümçəkdən güclüdür. Pritçanın məzmunu Şamama Cadunun (Əbülfət Salahov - Qızıl Dərviş mükafatçısı) səhnə əməllərində son dərəcə ifadəli və təsirli təzahürünü tapır.

Rejissorun ideya strukturunu səhnədə vizuallaşdıran, görümlü edən komponentləri gətirirəm gözümün önünə. Bunlar görünür:

- Tamaşanın vizual obrazı (quruluşçu rəssam Qüdrət Məmmədov - əməkdar rəssam) son dərəcə xəsis elementlərdən tərtib olunur. Bu kosmik boşluğun içində (qara kabinet) tək-tənha duran insanın yaşamasından ötrü naqolay olan tikilini andıran qurğudur. Qapısı həm çölə-bayıra, həm də infernal, yaşamın "o tayı"na açılır. İçində həm canlı insanlar, həm əcinnələr, həm İblis, həm də İblisin qurbanları ilə əlaltıları dolaşır. Hamı bacardığı qədər bu şərti yaşam yerinə uyğunlaşmağa, ondan mümkün qədər faydalanmağa çalışır, bircə əhli-Kitab olan Dərvişdən başqa. Tamaşanın vizual görkünü, obrazını dolğunlaşdıran element işıqdır. Bu həm fiziki mənada səhnəni işıqlandıran, həm hadisələrin mistik xassəsini, xarakterini gözükdürən, həm də simvolik MƏNƏVİ İŞIQdır. Sadalanan işıq növlərinin dəyişməsindən mövzunun məişət, lirik-psixoloji, mistik və komik kontekstləri yaranır. Kontekstlərin sürətlə dəyişməsi tamaşanın iti temporitmini təmin edir (Buradaca bir "tənqidi qeyd": teatrın, yumşaq desək, bu günün tələblərinə cavab verməyən maddi-texniki bazası, konkret olaraq isə işıqlandırma sisteminin yarıtmazlığı tamaşanın bədii-estetik səviyyəsinə mənfi təsir göstərir. Bunun ucbatından bədii niyyətlə - rejissor və rəssam təxəyyülündə (eskizlərdə) yaranmış obrazla onun maddi-texniki realizəsi arasındakı uyğunsuzluğu görməmək mümkün deyil. Yadıma düşür ki, Şəki teatrının tamaşaları paytaxt teatrlarının səhnələrində oynanıldıqda onların bədii-estetik keyfiyyəti və ifadəliliyi dəfə-dəfə artır).

Tamaşanın vizual obrazını zənginləşdirən və güzəştsiz-filansız yüksək dəyərləndirdiyim personajların geyimləridir (geyim üzrə modelçi Elman Rəşidov). Tamaşanın prodüseri Hikmət Nəbiyev (Qızıl Dərviş mükafatçısı) teatrın maddi imkanlarından doğru-dürüst faydalanaraq əsas "güc"ü geyimlərə yönəldib. Bunun nəticəsində həm ideya-estetik, həm faktura, həm də tikiş keyfiyyəti baxımından mükəmməl olan geyimlər tamaşaçının qavrayışına müsbət təsir göstərərək məna-məzmun qatını zövqlə qavramağa imkan yaradır. Tamaşanın emosional qavranılmasını təmin edən musiqi tərtibatını rejissor Mirbala Səlimlinin özü verib və mükəmməl "musiqi qulağı"nın sahibi olmasını bir daha təsdiq edib. Tamaşanın bir qatı da məhz "musiqili dramaturgiya" çərçivəsində həll edildiyindən mövzunun ümumi harmoniyası pozulmur, əksinə, daha da incə çalarlar qazanır.

Məlum həqiqətlərdən biri: istənilən sənət növünün inkişafında və bədii-estetik səviyyəsində əsas amil insandır, sənətkardır. Teatr sənətində sözügedən amil konkret tamaşanı bu gün, bu an tamaşaçının gözü önündə yaradan aktyor timsalında mənalanır, özünü göstərir. Teatr sənətinin bir sirri də ondan ibarətdir ki, istər bir aktyorun, istərsə də bütövlükdə ansamblın istedadlı oyunu bu gün, bu an tamaşaçıya güclü təsir edərək sonradan illərcə yaddaşlarda qorunur və xatırlayanda eyni emosional təsir göstərməyə qadir olur. Elmi dildə eydetika adlanan bu, haradasa izaholunmaz keyfiyyət Şəki teatrının aktyorlarının əksəriyyətində gözə çarpır. Budur, tamaşadan xeyli vaxt keçəndən sonra "Pəri Cadu" olayını yaddaşıma həkk edən aktyorları xatırlayıram və özümü yenə də Şəki teatrında, 14 may 2009-cu ildə hiss edirəm.

...Ə.Haqverdiyevin pyesində personajların siyahısı sanki iki yerə bölünüb: bu infernal şər qüvvələr və canlı insanlardır. Teatr bu bölgünü vurğulayaraq araya Dərviş personajını əlavə edib. Aydın Əlibalayevin ifasında Dərviş nurlu və təmkinli, imanı kamil insandır ki, baş verən hadisələrə qarışmır. O, vaxtaşırı səhnəyə - hadisə meydanına çıxır, baş verən acınacaqlı qədər gülməli macəranı səbrlə izləyir və öz səhnə varlığı ilə hadisələrin alternativli qütbünü bəlirdir. Tamaşanın rejissoru Aydın Əlibalayevin sənətçi və aktyor enerjisinə güvənib ona, əslində, çox çətin və səhnə baxımından "əlverişsiz" rol tapşırıb və yanılmayıb: tamaşadan xeyli vaxt keçməsinə baxmayaraq gözümün önündə bu nurlu obraz canlanır, təskinlik verir və "sirat əl-müstəqim" - yəni doğru yol göstərir.

Rol bölgüsünü aparan rejissor sanki "güzgüvari simmetriya"dan faydalanıb. Belə ki, İblis rolunu özünəməxsus parlaq qrotesk üslubunda oynayan Xanlar Həşimzadə nökər Əmrah rolunu fars üslubunda canlandıraraq İblisin komik, aşağılaşdırılmış proyeksiyasını yaradır. Maraqlısı odur ki, Xanlar Həşimzadə İblis obrazının daxilində nökər elementlərini, nökər Əmrah obrazının içində isə iblisanə ünsürləri incə çalarlarla çatdırır. Odur ki, "Pəri Cadu" tamaşasını xatırlayarkən Xanlar Həşimzadəni kinoda istifadə edilən "ikili proyeksiya"da görürəm. İblis və nökər eyni zamanda gözümün önündə sayrışır və mən heç birinə üstünlük verə bilmirəm...

Heç şübhəsiz ki, tamaşanın mənəvi ibrətini canlı vasitələrlə tamaşaçıya təqdim edən obraz Şamama Cadudur. Əbülfət Salahovun ifasında Şamama Cadu yuxarıda vurğuladığımız pritçanın məğzini açır: milçək plastikasını son dərəcə məharətlə "insaniləşdirən" Əbülfət Salahov insanları hörümçək kimi öz toruna salan İblisin özündən də qorxmur, onu "yeməyə" qadir olduğunu hər vəchlə nümayiş etdirir. Rejissor konsepsiyasının bu maraqlı məqamı "qara qüvvələr"in yekrəng, yekxassə, həmrəy olmasına güclü işarədir. Əlgüşad Rəhimovun həmişəki kimi duzlu ifasında təqdim olunan Təlxək Əcinnə mistik qüvvələrin insanlardan gizlətməyə çalışdıqları komik, gülünc xasiyyətləri nümayiş etdirir. İnfernal dünyanın iyerarxiyasında ən aşağı pillədə duran Birinci Əcinnə və İkinci Əcinnə müvafiq olaraq Rəşad Rüstəmov və Laçın Abbasovun ifasında "lümpen proletarlar"ı andırır: onlar canla-başla İblisə qulluq etdikləri halda "sahib"lərinə qarşı heç bir sayğı duymurlar, elə insanları da çox yüksək dəyərləndirmirlər, odur ki, hər iki tərəfə aşkarcasına kinayə ilə yanaşırlar.

Ə.Haqverdiyevin personajlar siyahısında Pəri Cadunun adı birinci yazılır. Aydın məsələdir ki, dramaturji baxımdan bu obraz bütün ideya qurğusunu sütun kimi öz "çiynində" saxlayır. Dramaturqun niyyətinə görə öz timsalında hər iki dünyanın başlanğıcını yaşadan bu qadın obrazı elə əvvəldən məhvə məhkumdur, çünki sözügedən ikili təbiət əvvəl-axır onu dəhşətli seçim qarşısında qoyacaqdır. Yasəmən Malikin ifasında bu məqam onun səhnəyə ilk gəlişindən duyulur və tamaşaçı çox keçmədən anlayır ki, İblisin qurduğu tələ, əslində, bəhanədir. Pəri Cadunun daxilində səngiməyən "ağ" və "qara" arasındakı mübarizə onu elə içindən patladacaq.

"Güzgü"nün bu tayında əks olunan insanlar da infernal varolmanın məntiqi ilə sınağa çəkilir. Sözügedən sınağın əsas ibrətini Qurban obrazının səhnə varolmasında görməmək mümkün deyil. Bu rolun ifaçısı Rəhim Qocayev personajının daşıdığı adın simvolik mənasını açaraq onun, əslində, öz xislətinin qurbanı olmasını aktyor məharəti ilə təqdim etməyə müvəffəq olur. Rəhim Qocayevin bir aktyor kimi inkişafı gözümüzün qabağında baş verir: Şəki teatrında fəaliyyət göstərən Studiyanın yetirməsi olan bu istedadlı gənc çox tez bir zamanda teatrın aparıcı aktyoru səviyyəsinə yüksəldi. Onun "Xəsis" tamaşasındakı Valer rolu peşəkarlığı ilə seçilirsə, Qurban rolu artıq püxtələşmiş və inkişaf perspektivi uğurlu olan bir sənətkardan xəbər verir.

Ümumiyyətlə, Şəki teatrı Studiyasının fəaliyyətini yerli istedadlı kadrları yetişdirib öz tərkibinə daxil etmək istiqamətində gerçəkləşdirir. Bir sıra bölgə teatrlarında çox kəskin olan kadr problemi, xüsusilə də qadın aktrisa problemi burada ardıcıllıqla, sistemli şəkildə həllini tapır. Belə ki, "Pəri Cadu" tamaşasında ikinci baş qəhrəman Hafizə xanım rolunun ifaçısı Sima Şabanova, Səlimə rolunun ifaçısı Lalə Məmmədova, Sayad və Rəqqasə rolunun ifaçısı İnqa Şabanova, Niyaz rolunun ifaçısı Pərviz İsmayılov Studiyanın uğurlu işini təsdiqləyən istedadlı gənclərdir. Tamaşanın çox mühüm qatını, insanların sosial psixologiyasının mənzərəsini Çoban rolunun ifaçısı təcrübəli aktyor Qızıl Dərviş mükafatçısı Akif Yusifovla birlikdə mükəmməl ansambl yaradaraq gerçəkləşdirən gənclər Şəki teatrının uğurlu sabahının rəhnidir desəm, mübaliğəyə yol vermərəm.

Ölkə Prezidentinin Sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramının çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi bölgə teatrlarının paytaxtda mütəmadi olaraq qastrol tamaşalarını planlaşdırır. Məncə, bu tədbir milli teatr prosesinə müsbət təsir göstərəcək. İlk öncə ona görə ki, bölgələrdə fəaliyyət göstərən teatrlarımız təcrid olunmuş şəraitdən qurtulacaq və uğurlu səhnə əsərləri öz layiqli qiymətini alacaq. Bu istiqamətdə artıq birinci addım atılıb: Gəncədə keçirilən "Yeni teatr" festivalında Şəki teatrı da uğurla iştirak edib və öz yaradıcı potensialını nümayiş etdirib. Bir teatrşünas kimi mən sənət dostlarımın uğurlarına, təbii ki, sevinirəm, amma Şəki teatrının bütövlükdə yaradıcı potensialını gerçəkləşdirməyə mane olan problemləri də görürəm.

Bu haqda növbəti yazımda...

Məryəm Əlizadə, sənətşünaslıq doktoru, professor

“525-ci qəzet”, 02 sentyabr, 161 (2994) saylı